Hamiləlik dövründə kirpikləri laminasiya etdirmək olarmı?

Hamiləlik dövründə zahiri görkəm gələcək anaları çox zaman narahat edir. Hamiləlik gözəl dövr olduğu kimi, eyni zamanda  mürəkkəb dövrdür – bu dövrdə qadının orqanizmində və zahiri görünüşündə müxtəlif dəyişikliklər baş verir. Hər bir qadın, hazırki vəziyyətindən asılı olmayaraq, ilin və günün istənilən vaxtında cazibədar görünmək istəyir. Gözəllik yaratmağın ən geniş yayılmış üsullarından biri kirpiklərin laminasiyasıdır. Bəs hamiləlik dövründə kirpikləri laminasiya etdirmək olarmı?

Kirpiklərin laminasiyası kirpiklərə gurluq və parlaqlıq verilməsi, kirpiklərin uzadılması prosedurudur. Belə hesab olunur ki, bu prosedur kirpiklərin strukturunun möhkəmləndirilməsinə kömək edir. Bu prosedurun icrası zamanı gözətrafı dəri reagentlərin zərərli təsirinə məruz qalmır, buna görə də hamiləlik kirpiklərin laminasiya edilməsinə mane olmur. Bu prosesdə yalnız təbii komponentlərdən – vitaminlərdən, minerallardan, yağlardan və digər üzvi maddələrdən istifadə olunur. Laminasiya üsulu təhlükəsiz hesab olunur və nə anaya, nə də körpəyə ziyan vurmur. İstifadə olunan maddənin tərkibi selikli qişa ilə əlaqəyə girmədiyindən, onun qana sorulması istisna edilir.

Amma hamiləlik dövrü ilə bağlı bəzi məhdudiyyətləri nəzərə almaq lazımdır. Problemlər hamiləliyin bilavasitə başlanğıcında, orqanizmdə hormonal dəyişikliklərin baş verdiyi dövrdə yarana bilər və nəticədə bəzi komponentlər ayrıla bilər. Bu səbəbdən, ilk trimestrdə prosedur müsbət nəticələnməyə bilər. Xüsusən, kirpiklərin əyilə bilməməsi, yaxud həddən artıq əyilməsi; qeyri-bərabər rənglənməsi; laminasiyanın heç bir effekt verməməsi kimi risklər mövcud ola bilər. Hər hansı digər prosedur kimi, hamiləlik dövründə kirpiklərin laminasiyası da təhlükəli ola bilər. Xüsusən, istifadə olunan məhlulun tərkib hissələrinə qarşı fərdi davamsızlıq və allergiya; gözlərə cərrahi müdaxilə; göz xəstəlikləri (itdirsəyi, konyunktivit), müxtəlif iltihablar, zədələnmələr baç verə bilər. Əgər hamilə qadında bu cür mənfi hallar mövcud deyilsə, kirpikləri hər gün boyayaraq selikli qişaya və gözətrafı dəruiyə ziyanlı kosmetik maddələr hopdurmaqdansa, yaxud kirpikləri uzatmaqdansa, laminasiya etdirmək daha yaxşıdır. Prosedura başlamaqdan əvvəl qadın hamilə olduğunu ustaya bildirməlidir. Təcrübəli, savadlı mütəxəssis allergiyaya qarşı sınaqlar aparacaq və manipulyasiyanı ehtiyatla icra edəcək, kirpiklərin tüklərini səliqə ilə boyayacaq, boyanın selikli qişaya və dəriyə düşməsinə yol verməyəcək. Hamilə qadınla bu prosedurun aparılması üçün boyanın tərkibindəki piqmentin miqdarı azaldıla, yaxud təbii komponentlərdən istifadə oluna bilər.

Yekunda qeyd etmək lazımdır ki, hamilə qadınlar kirpiklərini laminasiya etdirərkən mütəxəssislərin tövsiyyələrinə riayət etməlidir. Xatırladaq ki, laminasiyanın daha yüksək effektinə hamiləliyin son dövründə nail olmaq mümkündür. Bu ağrısız və təhlükəsiz prosedur gələcək ananın və körpənin sağlamlığına ziyan vurmayacaq - əksinə, qadının əhvalını yüksəldəcək, psixoloji rahatlıq yaradacaq, bu isə orqanizmin vəziyyətinə müsbət təsir göstərəcək. Bu zaman kirpiklərin təbii rənginə yaxın olan hər bir rəng çalarını seçmək olar. Bütün riskləri minimuma endirmək üçün bu prosedurun nüfuzlu salonda, peşəkar usta tərəfindən icra olunması daha məqsədəuyğundur.