Hamiləlik dövründə mədə qıcqırmasını sakitləşdirməyin üsulları

Çox vaxt gələcək analarda mədə qıcqırmasının yaranmasının səbəbi progesteron hormonuyla əlaqəlidir, çünki hamiləlik dövründə əzələləri boşaldan bu hormon mədə turşusunun qida borusuna düşməsinin qarşısını alan mədə klapanını boşaldır. Bundan əlavə, böyüyən uşaqlıq mədəyə təzyiq göstərərək turşunu qida borusuna yönləndirir.

Amma bu halı aradan qaldırmağın təhlükəsiz və effektiv üsulu var.
· Yeməyi az yeyin
Əgər səhərlər ürəkbulanmasından əziyyət çəkirsinizsə, bu zaman az yemək sizin üçün problem olmamalıdır. Amma əgər iştahınız güclüdürsə, tam doyana qədər yeməyə çalışmayın.
Hamiləlik dövrü olmadıqda da mədənin həddən artıq dolması mədə qıcqırması yaradır. Gün ərzində üç dəfə çoxlu yemək yeməkdənsə, 5-6 dəfə, az-az yeyin.

· Yemək zamanı tələsməyin
Yeməyin tələsə-tələsə yeyilməsi də mədə qıcqırmasına və həzmin pozulmasına səbəb ola bilər. Yeməyi rahat şəkildə, zövq ala-ala yeyin – bu da yeməyin həddən artıq yeyilməsinin qarşısını alacaq.

Mayeni kiçik qurtumlarla için
Maye qəbul edərkən onu yemək zamanı yox, yeməklərarası müddətdə içməyə çalışın.

· Yeməkdən sonra oturun, yaxud ayaq üstə dayanın
Yeməkdən sonra sərbəst şəkildə gəzişin, yüngül ev işləri ilə məşğul olun, oturub kitab oxuyun – amma uzanmayın və həddən artıq əyilməyinizi tələb edən işlər görməyin. Uzanmaq və ya əyilmək mədə turşusunun qida borusuna düşməsinə səbəb ola bilər.

Yatmazdan bilavasitə əvvəl yeməyin
Tampa şəhərindəki Cənubi Florida Universitetinin qida borusu xəstəlikləri mərkəzinin və qastroenterologiya və qida şöbəsinin direktoru, hamiləlik dövründə mədə qıcqırması hallarını tədqiq edən doktor Coel Rixter xəbərdarlıq edir ki, çoxlu yemək yeyib yatağa uzanmaq mədə qıcqırmasına birbaşa şərait yaradır. O, yatmazdan ən azı 3 saat əvvəl yemək yeməməyi məsləhət görür. Həmçinin, çalışın ki, yatağa uzanmaqdan bir neçə saat əvvəl maye qəbul etməyəsiniz.

· Gecə başınızı və sinənizin yuxarı hissəsini dik qoyun
Turşu axınından əziyyət çəkən bir çox insanlar xüsusi yastıqlardan istifadə edirlər – bu yastıqlar bədənin yuxarı hissəsini dik saxlayaraq mədə turşusunun axınının qarşısını alır.
Bunun ucuz başa gəlməsini istəyirsinizsə, çarpayınızın və ya döşəyin altına baş tərəfdən altlıq qoyun.

· Nəyin ziyanlı olduğunu bilin
Piy, kofein, şokolad, sitrus – mədə qıcqırmasından əziyyət çəkən hamilə qadınlara vaxtaşırı olaraq bu məhsullardan imtina etmək məsləhət görülür. Amma bir qadında mədə qıcqırması yaradan məhsul digər qadın üçün ziyanlı olmaya bilər. Doktor Rixter öz pasientlərinə konkret məhsullardan uzaq durmaq əvəzinə, fərdi qaydada onlarda mədə qıcqırması yaradan ayrı-ayrı məhsullardan imtina etməyi məsləhət görür. Onun sözlərinə görə, insanlar fərqlidir. Bəzi hamilə qadınlar heç bir narahatlıq hiss etmədən ədviyyatlı meksikan yeməyi, yaxud bir boşqab spagetti və küftə yeyə bilər.

· Sərbəst paltar geyinin
Dar paltar sizin gərginləşmiş qarnınızı daha çox sıxır, bu isə qıcqırmanı artıra bilər. Xüsusən, əgər mədə qıcqırmasının qarşısını almaq istəyirsinizsə, hamilə qadınlar üçün nəzərdə tutulmuş enli, rahat paltar geyinin.

Zəncəfil işlədin
Bəzi qadınlar özləri üçün zəncəfili kəşf ediblər , məsələn: zəncəfilli içki və ya zəncəfilli konfet. Bu ədviyyat qarın nahiyəsindəki ağrıları azaldır həmçinin mədə qıcqırması ilə müşayiət olunan ürəkbulanmanın və qusmanın da qarşısını alır.
Hamiləliyin yaratdığı narahatçılığa qarşı zəncəfilin təsiri haqqında elmi sübutlar o qədər çox olmasa da, Eynarsonun (Jon I. Einarsson (MD,MPH Chief, Division of Minimally Invasive GynecologyProfessor, Harvard Medical School)) sözlərinə görə, hamiləlik zamanı istifadəsi təhlükəsizdir.

· Antasid preparatlar (mədə qoruyucu) istifadə edin
Əgər həyat tərzinin dəyişilməsi mədə qıcqırmasını dayandırmırsa, bu halın simptomlarını aradan qaldırmaq üçün reseptsiz satılan antasid preparatlardan istifadə edin.
Lakin, hamiləlik zamanı tərkibində kalsium və ya maqnezium mədə qoruyucuların qəbulu təhlükəsizdir.
Amma tərkibində aluminum olan turşu neytrallaşdırıcılarından istifadə etməyin, çünki bu cür neytrallaşdırıcılar yüksək dozalarda toksik təsir göstərə və qəbizliyə səbəb ola bilər

H2 blokatorlarını nəzərdən keçirin
Əgər mədə qoruyucu preparatlar kömək etmirsə, daha güclü tibbi vasitələri nəzərdən keçirmək lazımdır.

Bu dərmanlar mədə turşusu ifrazatının qarşısını alır. Amma onları qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşmək lazımdır.

Dərmanların qəbulunu həkim məsləhəti ilə aparın!!!

www.health.com