Əgər Sizin hamiləliyiniz normal və sağlamdırsa, hamiləlik dövrünün əksər hissəsi ərzində hava nəqliyyatından istifadə edə bilərsiniz. Bununla belə, təyyarə biletini sifariş etməzdən əvvəl öz səyahət planlarınız haqqında həkiminizlə məsləhətləşməlisiniz. Xüsusi riskli hallarda, Sizin sağlamlığınıza nəzarət edən mütəxəssis hamiləlik dövründə evdə qalmağınızı tövsiyyə edə bilər.
Hamiləliyinizin ikinci trimestri, yəni 14-27-ci həftəsi hava nəqliyyatından istifadə etməyiniz üçün ən əlverişli vaxt ola bilər. Birinci trimestri başa vurduqdan sonra, çox güman ki, daha səhərlər ürəkbulanma baş verməyəcək, Sizin enerji səviyyəniz yüksələcək və uşaqsalma ehtimalı çox az olacaq. Amma 36-cı həftədən sonra hava nəqliyyatından istifadə etməyin.
Təhlükəsizlik kəmərindən istifadə edin. Səyahət zamanı kəməri qarnınızın altında bərkidin.
Hərəkət edin. Oturacaqlar arasındakı keçiddə gəzişin. Oturaq vəziyyətdə qalmalı olsanız, topuqlarınızı tez-tez büküb-açın. Dar paltar geyməyin. Sıx corablar qan laxtalanmasının qarşısını almağa kömək edə bilər.
Çoxlu miqdarda maye qəbul edin. Salonda hava quruluğu susuzlaşmaya gətirib çıxara bilər.
Uçuşdan əvvəl qaz yaradan yemək və içkilərdən, o cümlədən brokolli və qazlı sulardan uzaq durun. Mədənizdəki qaz hündürlükdə genişlənərək narahatlıq yarada bilər.
Özünüzə fövqəladə plan tutun. Səyahət zamanı lazım olsa ginekoloji yardımı necə ala biləcəyinizi müəyyən edin.
Yüksək hündürlükdə hava nəqliyyatından istifadə edərkən yaranan radiasiya şüalanması hamilə qadınlar üçün problem yaratmır. Bununla belə, təyyarəçilər, uçuş bələdçiləri və hava nəqliyyatı ilə tez-tez uçan şəxslər müəyyən dərəcədə kosmik radiasiyaya məruz qala bilər ki, bu da hamiləlik dövrü üçün müəyyən suallar yaradır. Hamiləlik dövründə hava nəqliyyatından tez-tez istifadə etmək lazım gəldikdə, həkimlə məsləhətləşmək tövsiyyə olunur. Həkim hamiləlik dövründə uçuş sayının məhdudlaşdırılması ilə əlaqədar tövsiyyələr verə bilər.
Hava limanında gəzişərkən şüalandırıcı mexanizmlərdən keçmək hamilə qadınlar üçün təhlükəsizdirmi? Bəli. Hava limanındakı detektorlarda, sərnişinlərdə təhlükəli əşyaların olub-olmamasını müəyyən etmək üçün maqnit sahələrindən, son dərəcə aşağı enerjili radiodalğalardan, yaxud zəif rentgen şüalarından istifadə olunur. Bu vasitələrin hər birinin buraxdığı enerji son dərəcə zəifdir və nə Sizə, nə də inkişaf etməkdə olan körpənizə ziyan vura bilməz.
Metal detektorlarda metal əşyaların müəyyən edilməsi üçün aşağı intensivlik səviyyəsinə malik maqnit sahələrindən istifadə olunur. Soyuducu maqnitindəki maqnit sahəsi statik metal detektorundakı maqnit sahəsindən ən azı 10 dəfə, əllə istifadə olunan metal detektorundan isə ən azı 600 dəfə güclüdür.
Geriyə şüalandırıcı skanerlərdə son dərəcə aşağı səviyyəli rentgen şüalarından istifadə olunur. Buradakı radiasiya dozası mikrovahidlərlə ölçülə bilər. İnkişaf etməkdə olan körpəyə ziyan vurmaq üçün təxminən 500,000 mikrovahid şüalanma tələb olunur. Geriyə şüalandırıcı qurğuların buraxdığı radiasiya 1 mikrovahiddən də azdır, bu isə nə Sizə, nə də körpənizə ziyan vura bilməz.
Təyyarə salonundakı təzyiq hamiləlik üçün təhlükəsizdirmi? Əgər Siz kommersiya təyinatlı təyyarələrdən istifadə edirsinizsə, təhlükəsizdir. Əgər sağlamsınızsa və həkiminiz hava nəqliyyatından istifadə etməyinizə etiraz etmirsə, salondakı təzyiq Sizə və körpənizə ziyan vura bilməz. Oksigen səviyyəsində baş verən dəyişiklik körpənizin toxumalarına və ya onu əhatə edən mayeyə ziyan vurmaq üçün çox kiçikdir. Amma bu zaman baş verən fizioloji dəyişikliklər Sizi və körpənizi daha artıq oksigen qəbul etməyə sövq edə bilər. Bu dəyişikliklərə qan təzyiqinin və ürək döyüntüsünün artması aiddir.
Əksinə, salonunda təzyiq olmayan, qeyri-kommersiya təyinatlı kiçik təyyarələrlə uçmaq (bu cür təyyarələr 8000 futdan artıq yüksəkliyə qalxa bilər) məsləhət görülmür – hamiləliyin son dövrlərində bu, xüsusilə təhlükəlidir. Hava təzyiqinin dəyişməsindən irəli gələn risk böyük deyil, amma bu yüksəklikdə oksigenin azalması ciddi fəsadlar törədə və körpənizə ziyan vura bilər. Bir çox insanlar 8000 futdan artıq yüksəkliyə qalxdıqda başgicəllənmə, yaxud hava çatışmazlığı hiss edirlər.
Yekunda, əgər qanınızda oksigenin tərkibini azalda biləcək hər hansı şəraitdən (məsələn, oraqşəkilli hüceyrə anemiyasından) əziyyət çəkirsinizsə, yaxud qanın ifrat laxtalanmasına və ya cift çatışmazlığına meyllisinizsə, həkiminiz tərəfindən müayinə olunmadan hava nəqliyyatından istifadə etməyiniz məqsədəuyğun deyil.