Yenidoğulanlara Eşitmə Testi Edilməsi Vacibdirmi?

Azərbaycanda hər il iki yüzə yaxın körpə tam və ya qismi eşitmə qüsuru ilə anadan olur. Bu qusur anadan gəlmə ola bilər və ya sonradan yarana bilər.Anadan gəlmə eşitmə problemi irsi və ya irsi olmayan genetik faktorlardan, hamiləlik və ya doğum zamanı keçirilən bəzi pozulmalardan, asfiksiyadan, dermanların düzgün istifadə edilməməsindən, neonatal dövrdə keçirilən sarılığın ağır formasından və s.kimi səbəblərdən irəli gələ bilər. Sonradan yaranan eşitmə problemi isə istənilən yaş dövründə yarana bilər. Bunun səbəbləri meninqit, qızılca,qulağın xroniki infeksion xəstəliyi, baş və ya qulaq zədələri ola bilər. Bu mövzuda valideynlərin rolu çox vacibdir. Əgər doğulduqdan sonra eşitmə ilə bağlı skrining-test keçirilməyibsə , valideynlər körpəni diqqətlə müşaidə etməlidirlər və hərəkətlərindəki “qəribəlilikləri” göz ardı etməməlidirlər. Beləliklə eşitmə problemini erkən aylardan təsbit etmək olar. 3 ayliqkən səslərə reaksiya vermə, 7-8 ayliqkən səslər çıxartma,1 yaşdan sonra danışıq qabiliyyətinin olmaması narahat olmaq üçün işarədir. Hal-hazırda Azərbaycanın bir çox klinikalarında doğumdan sonra eşitmə testləri həyata keçərilir. Körpə ilk dəfədən testi keçməyə bilər, bu sinir sisteminin inkişafıyla bağlıdır. 2-3 ay keçdikdən sonra testi təkrar keçmək lazımdır.Əgər yenə də test keçilmirsə, onda bir üst mərkəzdə BERA testi olunur. Bu test tamamilə ağrısızdır. Körpələrə normalda sedativ maddə istifadə edərək test edirlər.Bu testdən də keçməyən uşağa iki tərəfli aparat taxılır və uşaq implant namizədliyinə alınır. Bəzən valideynlər problemdən gec xəbərdar olurlar, lakin kədərlənməyə ehtiyac yoxdur, çünki son zamanlar tibb olduqca ilərləyib. Əvvəl eşitmə qüsurlu insanlar toplumdan təcrid olunmuş qalırdısa, indi Koxlear implantasiya vasitəsilə onlar özlərini digər insanlardan heç də fərqli hiss etmirlər. Koxlear implant ətrafdakı səsləri eşitməyə yardım edən elektron bir cihazdı. Bu cihaz iki əsas hissədən ibarətdir: biri xarici komponent(danışıq prosessoru) və iç komponent(koxlear implant)-səs siqnallarını səs sinirinə keçirən komponent. Bu aparatın ən uyğun taxılma dövru dörd yaşadək olan dövrdür.

Uzman Dr. Cərrah-Otorinolarinqoloq Tural Hüseynov